Etibarnamə əsasında alınmış avtomobilin sahibi gələcəkdə bununla bağlı hansı problemlərlə qarşılaşa bilər?
Sual: Etibarnamə əsasında alınmış avtomobilin sahibi gələcəkdə bununla bağlı hansı problemlərlə qarşılaşa bilər?Cavab: Hal-hazırda etibarnamə ilə avtomobil əldə etmək geniş yayılmışdır. Lakin təəssüf ki, onun arzuolunmaz nəticələri də geniş vürsət alıb. Belə ki, avtomobil etibarnamə əsasında satılsa da, həmin əmlak üzərində satıcı öz mülkiyyət hüququnu saxlamış olur. Çünki etibarnamə müqavilə deyil, birtərəfli əqd olduğu üçün tərəflər üçün heç bir hüquqi öhdəlik də yaratmır. Həm etibar edən, həm də etibar edilən istənilən vaxt ondan imtina edə bilərlər və buna görə heç bir məsuliyyət daşımırlar (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365-366-cı maddələri).
Birinci misal: A öz avtomobilini 1 illik və ya müddətsiz etibarnamə əsasında B-yə satır. Bir müddət sonra onlardan biri vəfat edir. Bu zaman həmin etibarnamə öz hüquqi qüvvəsini itirdiyi üçün avtomobili əldə edən B və ya onun qanuni varisləri həmin avtomobili öz adlarına keçirmək imkanından da məhrum olacaqlar.
İkinci misal: D öz avtomobilini 1 illik və ya müddətsiz etibarnamə əsasında C-yə satır. Bir müddət sonra D öz arvadından boşanır. Satılan avtomobilin üzərində D-nin mülkiyyət hüququ hələ də saxlandığı üçün onun həyat yoldaşı həmin avtomobilin bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə və öz pay hüququnu tanıda bilər.
Üçüncü misal: E öz avtomobilini 1 illik və ya müddətsiz etibarnamə əsasında F-ə satır. Bir müddət sonra F-ə məhkəmə icraçısından məktub gəlir ki, E-nin banka olan borcuna görə hələ də onun mülkiyyətində olan avtomobil üzərində məhkəmə tərəfindən həbs qoyulub. Buna görə də həmin avtomobil F-dən alınıb hərracda satışa çıxarılmalıdır.
Nəticə etibarılə, etibarnamə əsasında avtomobil əldə etmək hər bir halda bu cür risklərdən sığortalanmayıb. Ona görə də adi qaydada alqı-satqı müqaviləsi əsasnda əldə etmək ən hüquqi cəhətdən təhlükəsiz və rahat yoldur.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.