Bakıya qar nə vaxt yağacaq? - Nazirlik rəsmisindən AÇIQLAMA
Son günlər qonşu ölkələrdə, xüsusən də İstanbul və Moskvada havanın kəskin soyuması və qışa xas hava şəraitinin başlaması müşahidə edilir. Ölkəmizdə də yaxın günlərdə güclü yağışların yağacağı proqnozlaşdırılır.
Bəs görəsən, Azərbaycanda təsirli olan soyuq hava kütlələri hansı regionlardan gəlir? Nə üçün son illərdə Bakıya qar yağmır? Azərbaycanın iqlimini hansı hava kütlələri formalaşdırır?
baku.ws-in əməkdaşı bu suallarla Ekologiya Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdir müavini Rafiq Verdiyevə müraciət edib.
Ekspertin sözlərinə görə, Azərbaycan coğrafi olaraq elə bir mövqedə yerləşir ki, burada müxtəlif istiqamətlərdən - şimaldan, cənubdan, şərqdən və qərbdən gələn hava kütlələri qarşılaşır. Bu hava axınları ölkəmizdə siklon və antisiklon proseslərini formalaşdıraraq iqlimə təsir edir.
"Avropada baş verən hava şəraitini təhlil edərək, onun bir neçə gün sonra Azərbaycana təsir göstərəcəyi vaxtı dəqiq proqnozlaşdıra bilirik. Ölkəmizə əsasən şimaldan daxil olan Arktik hava kütlələri temperaturun aşağı düşməsinə və hava şəraitinin kəskin dəyişməsinə səbəb olur," - deyə R. Verdiyev bildirib.
Ekspert həmçinin Azərbaycanın relyefinin - həm dağlıq, həm də düzənlik ərazilərin - daxil olan hava kütlələrini formalaşdıraraq dəyişdirdiyini vurğulayıb:
"Bu xüsusiyyət ölkə ərazisində müxtəlif bölgələrdə fərqli iqlim hadisələrinin - qar, yağış, külək kimi proseslərin yaranmasına səbəb olur".
Bakıda qar niyə yağmır?
Son illərdə paytaxt sakinləri qar yağışını demək olar ki, görmür. Ekspert bu vəziyyəti iqlim dəyişiklikləri ilə əlaqələndirir:"Əvvəlki dövrlərdə, xüsusilə 15-20 il əvvəl, noyabrın sonu və ya dekabrın əvvəllərində Bakıda qarın yağması adi bir hal idi. Lakin son illərdə iqlim dəyişikliyi nəticəsində həm Bakıda, həm də Aran bölgələrində qar demək olar ki, müşahidə edilmir. Bunun əsas səbəbi qlobal temperaturun təxminən 1 dərəcə artmasıdır. Yağıntıların ümumi miqdarında artım var, amma bu artım qar yox, əsasən yağış formasında olur. Əvvəllər yaz və payız mövsümlərində yağış yağırdısa, indi bu proses yay və qışda da müşahidə edilir".
Fəsillərin dəyişməsi və qışın gec gəlməsi
Mütəxəssisin sözlərinə görə, iqlim dəyişiklikləri təkcə Bakıya deyil, bütün dünyaya təsir göstərir: "Fəsillərin bir-birinə qarışması, bəzi mövsümlərin uzanması və qışın gec gəlməsi artıq qlobal bir tendensiyadır. Oktyabr və noyabr aylarında havanın normaldan isti keçməsi qışın gec başlamasına səbəb olur. Məsələn, əvvəllər noyabr ayında qar müşahidə edirdiksə, indi bu proses dekabrın ortalarına və ya sonuna qədər uzana bilər".Bakıya qış nə vaxt gələcək?
Rafiq Verdiyev uzunmüddətli hava proqnozlarının verilməsinin çətinliyini də qeyd edib:
"Hazırda hava şəraiti ilə bağlı dəqiq məlumatlar yalnız bir neçə gün öncədən hesablana bilər. Şimaldan gələn siklonların ölkəyə daxil olma vaxtını və təsirini Avropadakı hava şəraitinə əsasən müəyyən edirik. Qar yağışı və ya temperaturun kəskin azalacağı ilə bağlı proqnoz yalnız proses başlamazdan əvvəl dəqiq bilinə bilər".
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.