Məktəblilərin çantasından bunları DƏRHAL ÇIXARIN!
Məktəblərin açılmasına sayılı günlər qalıb. Şagirdlərin geyimi, dərs ləvazimatları və məktəb hazırlığı qədər vacib olan başqa bir məsələ də var, qidalanma. Uşaqlar günün böyük hissəsini məktəbdə keçirərkən onların nə yeməsi valideynləri düşündürən əsas məsələlərdəndir.Bəs valideynlər övladlarının qidalanmasını məktəb bufetlərinə həvalə etməlidirlərmi? Məktəb bufetlərində satılan məhsullar nə dərəcədə sağlam və faydalıdır? Valideynlər uşaqlarına evdən yemək hazırlayıb göndərməlidirlərmi? Əgər belədirsə, məktəb çantasına hansı qidaları qoymaq daha doğrudur? Uşaqların qidalanmasında hansı məhsullardan uzaq durmaq lazımdır?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov “Yeni Sabah”a açıqlamasında məktəb yaşında uşaqların qidalanmasının onların fiziki inkişafı, diqqəti, yaddaşı və dərs zamanı enerjisi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Toyuqlu pizza
Ekspertin sözlərinə görə, uşağın bütün gün ərzində qidalanmasını yalnız məktəb bufetinə həvalə etmək düzgün yanaşma deyil:
“Bufetdə faydalı seçimlər ola bilər, lakin məhsulların çeşidi və qida dəyəri məktəbdən məktəbə dəyişir. Ən yaxşı variantlardan biri uşağa evdən balanslı qida hazırlamaqdır”.
F.Səfərov qeyd edib ki, məktəb çantasına meyvə, şəkərsiz və ya az şəkərli yoqurt, pendir, tam taxıllı sendviç, qaynadılmış yumurta, allergiya olmadığı halda qoz-fındıq və kifayət qədər su qoymaq olar.
Onun sözlərinə görə, sendviç hazırlanarkən kolbasa və digər emal olunmuş ət məhsullarındansa pendir, yumurta, toyuq əti və tərəvəzlərə üstünlük verilməsi daha məqsədəuyğundur.
Ekspert uşaqların səhər yeməyini buraxmamasının da vacibliyini vurğulayıb. O bildirib ki, səhər yeməyində yumurta, pendir, süd məhsulları, yulaf və digər tam taxıllı məhsullar, tərəvəz və meyvələrdən istifadə etmək olar.
“Gün ərzində əsas məqsəd uşağın zülal, tam taxıl, tərəvəz-meyvə və süd məhsullarını kifayət qədər qəbul etməsidir”, - deyə F.Səfərov bildirib.
Qida eksperti məktəb bufetində seçim zamanı uşaqlara düzgün qida seçiminin öyrədilməsinin vacibliyinə də diqqət çəkib. Onun sözlərinə görə, şirin bulkalar, çips, kreker, fast-food, kolbasa məhsulları və yüksək şəkərli içkilərin gündəlik istehlakı vərdişə çevrilməməlidir.
Xüsusilə enerji içkilərinin uşaqlar üçün uyğun olmadığını vurğulayan ekspert qazlı və şəkərli içkilər əvəzinə əsas içki kimi suya üstünlük verilməsini tövsiyə edib.
F.Səfərov hesab edir ki, uşaqlara bütün şirniyyatları və sevdikləri qidaları qadağan etmək düzgün deyil. Əsas məsələ bu məhsulların tez-tez və həddindən artıq istehlakının qarşısını almaq, sağlam qidaları isə gündəlik vərdişə çevirməkdir.
“Valideyn özü də düzgün qidalanma nümunəsi göstərdikdə uşağın bu vərdişləri qəbul etməsi daha asan olur”, – deyə ekspert əlavə edib.
O, evdən məktəbə göndərilən qidaların gigiyenik hazırlanması və düzgün saxlanmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Tez xarab olan məhsulların uzun müddət isti mühitdə və ya soyuducusuz çantada saxlanılmaması tövsiyə olunur. Bu baxımdan uyğun qida qablarından və zərurət olduqda termoçantadan istifadə etmək daha təhlükəsizdir. Məktəb bufeti uşağın qidalanmasında köməkçi mənbə ola bilər. Lakin sağlam qidalanmanın formalaşmasında məktəbin, valideynin və uşağın özünün düzgün seçimləri mühüm rol oynayır”.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.


















































