İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ

Allah-taalanın məxluqları arasında ən şərəfli və üstün şəxs İslam peyğəmbəridir.
O, gözəl əxlaq baxımından elə bir üstün məqamda idi ki, Allah-taala bununla bağlı buyurur:
وإنك لعلى خلق عظيم.»
"(Ya Peyğəmbər!) Şübhəsiz ki, Sən böyük bir əxlaq sahibisən!" Digər ayədə Onu (s) ilkin yaranış və (son) qayıdışa (Axirət aləminə) inanan bütün inanclı insanlar üçün ülgü və nümunə olaraq belə təqdim etmişdir:
ه و لقد كان لكم في رسول الله أسوة حسنة..
"Həqiqətən, sizin üçün Allahın Rəsulunda gözəl örnək vardır!"
Buna görə də, nəfsin saflaşdırılması və gözəl əxlaqa malik olmaq yolunda çalışan insanların o həzrətin (ə) davranışlarına əməl etmələri zəruridir. Onlar həm də, Peyğəmbərin (s) rəftarı, hərəkət və duruşunda mövcud olanları özlərində yaratmağa çalışmalıdırlar.
Alimlərdən biri Peyğəmbərdə (s) mövcud olan sifətləri aşağıda qeyd olunan tərzdə toplamışdır:
1. İnsanların ən səbirlisi (dözümlüsü);
2. İnsanların ən şücaətlisi;
3. İnsanların ən ədalətlisi;
4. İnsanların ən iffətlisi;
5. Əlləri heç vaxt naməhrəm bir qadının əlinə toxunmamışdır;
6. İnsanların ən səxavətlisi; Belə ki, heç bir gecə nağd pulu öz yanında saxlamamış, gecə çağı üzərində pul olduqda isə bir imkansızı tapıb, həmin pulu ona verənə qədər evdən çöldə qalırdı.
7. İnsanların ən təvazökarı; Belə ki, öz əlləri ilə ayaqqabıları və libasını
yamayır, həyat yoldaşına (ev işlərində) və hətta ətin doğranmasında yardım
edir, istər qul, istərsə də, azad olan hər bir inanclı insanın dəvətini qəbul edir,
həmçinin bir qurtum süd olsa belə hər bir hədiyyəni qəbul edir və onun əvəzini
çıxırdı. Yemək onun üçün əhəmiyyət daşımır, bişirilən hər bir xörəyi yeyir və
halal şeyləri yeməkdən pəhriz etmirdi. Onun üçün mümkün olan hər bir libası
(geyimi) geyinir, geyimi həmişə ayaq topuqlarından yuxarıda olurdu.
İxtiyarında olan hər bir miniyə minir, bəzən dəvəyə, bəzən qara və ağ qatıra, həmçinin bəzən də, ulağa minirdi. O həzrət (s) bəzi vaxtlar minikdə başqaları ilə birgə əyləşir, yoxsullarla oturub-dururdu.
8. Heç vaxt sədəqədən istifadə etmirdi.
9. Allah-taala üçün (Allah yolunda) qəzəblənir, lakin heç vaxt öz şəxsi mənafeyi üçün qəzəblənmirdi. Gec qəzəblənir və tez razılaşırdı. Həm qəzəbi, həm də razılığı üzündə bilinirdi.
10. Xəstələrə hətta şəhərin ən ucqar yerlərində olsa belə baş çəkirdi.
11. Cənazənin dəfn mərasimində iştirak edirdi.
12. Düşmənləri arasında cangüdənsiz hərəkət edirdi.
13. İnsanların ən vüqarlısı idi və heç bir təkəbbürü yox idi.
14. Nitq söyləmək və danışıq baxımından insanlardan daha bacarıqlı, fəsahətli, yerində və şirin danışanı idi. Sözü uzatmadan hərtərəfli danışır, demək istədiyi sözləri qısa cümlələrlə çatdırırdı. Sakit olmağı daha çox sevərdi, ehtiyac olmadan danışmırdı. Heç vaxt pis və nalayiq sözləri dilə gətirmirdi. İstər qəzəbli, istərsə də, təmkinli hallarında haqdan başqa bir söz danışmırdı.
15. İnsanların ən gözəli idi.
16. Dünyəvi işlərdən heç bir məsələ onun üçün əhəmiyyət daşımırdı.
17. Xəsis və yoxsul olmadığı bir halda heç vaxt üç gün ardıcıl olaraq bug da unundan hazırlanmış çörəklə qarnını doydurmurdu. Əslində yalnız Allah taalanı özü üçün önəmli sayırdı. (Bəzən) aclıq nəticəsində qarnına daş bağlayır, arpa çörəyini kəpəkli halda yeyirdi. Onun üçün ən sevimli yemək, daha çox əllərin uzandığı yemək idi. Yemək yeyərkən üç əl barmağından istifadə edir, bəzən isə dördüncü barmağından kömək alırdı. Sarımsaq, soğan və kəvər yemirdi. Heç vaxt heç bir yeməyi məzəmmət etmir, meyli olanda yeyir, meyli olmadıqda isə yemirdi. Kasasını sivirir və belə buyururdu: "Yeməyin sonu daha bərəkətlidir." (Yeməkdən sonra) barmaqlarını qızaranadək sorur və miskinlərlə (həddindən artıq yoxsul olanlarla) birlikdə yemək yeyirdi.
18. Gözəl qoxuları (ətirləri) sevir, pis qoxulardan isə narahat olurdu.
19. Fəzilət və hörmət sahiblərinə hörmətlə yanaşır, şərəfli insanlara yaxşılıq edirdi.
20. Qohum-əqrəba ilə rabitə saxladığı halda onları bir-birlərindən üstün tutmurdu. Yanına gələn hər bir insana hörmətlə yanaşır, hətta əbası və üzərində əyləşdiyini (dəri, xalça və s.) həmin şəxsə verirdi. Bunu qəbul etmədikdə isə israrla ona qəbul etdirirdi.
21. Heç bir kəsə zülm etmirdi. Heç vaxt öz xadimi və ya həyat yoldaşını təhqir etmirdi. Ondan (s) üzr istəyənin üzrxahlığını qəbul edir, iqtidar halında əfv edirdi. Onunla (s) yüksək tonla danışanlarla səbir edirdi. Pisliyə pisliklə cavab vermir, əksinə, pisliklərə göz yumub, onları bağışlayırdı.
22. Gülüşü qəh-qəhəsiz, zarafatları isə yalnız həqiqət idi. Salam verməkdə hamıdan önə keçirdi. Biri ilə əl görüşdükdə, həmin şəxs əlini çəkməmiş əlini geri çəkmirdi.
23. Heç vaxt Allahı yad etmədən qalxıb-əyləşmirdi. 24. Adətən, yerdə əyləşərkən əlləri və qollarını ayaqlarına dolayır və qibləyə tərəf əyləşirdi.
25. Bədəninin dərisi nazik və incə, zahiri ilə batini bir-birini tamamladığı halda zinətlənmiş idi.
26. Səbir və dözümü hamıdan çox idi.
27. İnsanların ən doğru danışanı idi.
28. Əhd-peymanlarda insanların ən vəfalısı idi.
29. İnsanların ən yumşaq xasiyyətlisi və gözəl əxlaqlısı idi.
30. İnsanların Ən mehribanı idi.
31. İnsanlar arasında ən üstün və onlara qarşı ən faydalı bir şəxs idi.
32. Nəsil və nəcabət (ata-baba, soy) baxımından hamıdan üstün idi.
33. Xüsusi bir heybətə malik olduğundan onu ilk dəfə görən şəxs qorxurdu. Onunla rabitədə olan isə ona valeh olurdu. Hər hansı bir müsəlman ondan bir şey istədikdə, hökmən həmin şəxsə istədiyini verirdi.
34. Səhabələri (dostları) heç vaxt onun qarşısında (hörmət əlaməti olaraq) ayağa qalxmırdılar. Çünki onun bu işi bəyənmədiyini bilirdilər. Həzrət Əli (ə) demişdir: "Bədr döyüşündə həzrət Peyğəmbər (s) bizim hamımızdan düşmənlərə daha yaxında dayanırdı. Buna rəğmən biz hamılıqla ona sığınırdıq. Çünki o insanların ən güclüsü vә ən şücaətlisi idi."
İmam Əli (ə) digər hədisdə belə deyir: "Müharibənin qızğın vaxtında Peyğəmbərə (s) sığınırdıq. Buna baxmayaraq (məsafə baxımından) düşmənə on dan yaxın ayrı bir şəxs yox idi."
Rəvayətə əsasən, bir gün bir kişi Peyğəmbərlə (s) üz-üzə gəldikdə, həzrətin (s) heybətindən qorxuya düşdü. Həzrət (s) ona buyurdu: "Rahat ol! Man padşah deyiləm. Mən qurudulmuş çörəyi yeyən qüreyşli qadının oğluyam. "
Peyğəmbər (s) həzrətləri öz səhabələri arasında özünü onlardan biri sayaraq əyləşirdi. Belə ki, kənar bir şəxs ora gəldikdə, onlardan hansının Peyğəmbər (s) olduğunu ayırd edə bilmirdi. Bundan sonra səhabələr Peyğəmbərdən (s) özü üçün müəyyən bir yer təyin etməsini xahiş etdilər və nəhayət, həzrətin (s) əyləşməsi üçün torpaqdan hündür bir yer düzəltdilər.
Onu səsləyən hər bir kəsə cavab verir, camaatla keçinmək məqsədi ilə onlarla birgə əyləşdikdə, onların danışdıqları mövzuda danışırdı. Məsələn camaat müəyyən bir yığıncaqda Axirət aləmi barədə danışdıqda, həzrət (s) də, Axirətdən danışır, onlar yemək-içmək və ya dünyəvi işlər barədə danışdıqda isə, həzrət də, onlar kimi həmin mövzularda danışırdı. Allahın rəhməti ona və Əhli-beytinə olsun!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.