Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi: “Atası yatmış olsaydı, bəlkə də sağ qalmazdı” - FOTO


Bu sözləri açıqlamasında 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan 1992-ci il təvəllüdlü Günay Əliyevanın anası Sevil Babazadə deyib.
Sevil xanım Nilayın nənəsidir. Nilay Gəncə hadisələrində nəinki anası Günay Əliyevanı, eləcə də atası Adil Əliyevi və ata nənəsi Afaq Əliyevanı da itirib.

Sevil xanım deyir ki, həmin gecə baş verən dəhşəti unuda bilmir:
“Biz Qələbə parkından bir xeyli aralı məsafədə, Abbas Səhhət küçəsində yaşayırdıq. Elə həmin gecə hamı kimi biz də yatmışdıq. Bir anda elə bil yer-yerindən oynadı. Yatdığım yerdə sanki yıxıldım. Heç bilmirəm əynimə başıma nə atdım, nə geyindim. Tez qaynımın maşını ilə Qələbə parkı tərəfə getdik. Bina yerlə bir olmuşdu. O binalar torpaq binalar idi, toz olmuşdu desəm, yalan olmaz. Orada uşaq var dedim, qışqırdım ki, “uşağı tapdınızmı?” Dedilər xəstəxanaya aparılıb. İnanmadım ki, məni aldadırlar. Elə bunu demişdim ki, qızımı mənim gözümün önündə uçqunun altından çıxardılar. Onlar ikinci mərtəbədə qalırdılar amma cəsədləri binanın zirzəmisindən çıxarırdılar. Bina o qədər dağılmışdı ki...”
1 yaş 10 aylıq Nilayı kimsəsiz qoyan o gecə...

Sevil xanım deyir ki, qızının ardınca xəstəxanaya gedib orada nəvəsini tapıb:

Uşağın bezinin içindən diri-diri daşlar çıxartdım...

“Atası gecə yatmış olsaydı, bəlkə Nilay da sağ qalmazdı. Çünki Nilay adətən, atası-anası ilə bir yerdə yatırdı. Atası oyaq idi və tez tərpənib Nilayı qapıdan çölə, qumluğa atıb. Geri qayıdıb yoldaşını, anasını çıxarmaq istədiyində ikinci uçqun olub və dağıntılar altında qalaraq ölüb. Nilayı xəstəxanada həkimlər müayinə edirdi. Uşağı qucağıma aldım ki, buz kəsib, qorxudan qucağıma qısılır. Uşağın bezin dəyişəndə içindən iri-iri daşlar çıxartdım. Görün nə qədər güclü uçqun olub ki, pijamanın üstündən uşağın bezinin içi daşla, qumla dolub”.

Şirin yuxudan acı həqiqətlərə oyanan Nilay hələ də şirin yuxuya dala bilmir ki, bilmir...

“Bu vəhşiliyi yalnız vəhşilər edə bilərdi. Gəncə terroru dəhşətdir. İnanırsınız ki, mən hələ də o ərazidən keçmirəm. Keçmirəm ki, qoy yadımda elə o dağıntılarla qalsın. Nilay hər ata-ana deyib ağlayanda bilmirik uşağı necə ovudaq. Adi bir uca səsdən də diksinir, səksəkə ilə ətrafa boylanır. Mən onun nənəsiyəm, amma yenə də ana nəvazişini əvəz edə bilmərəm. Mən elə bilirdim ki, Nilay o gecəni xatırlamır. Amma özünün yadındadır atasının onu qapıdan çölə atmağı”.
Düşmən tərəfindən gecə yarısı atılan raket zərbəsi balaca Nilayın xatirəsindən, başqa sözlə, həyatından heç zaman silinməyəcək.



Qeyd edək ki, 1 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən “Scad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə Qələbə parkının ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Könül Cəfərli
Mənbə : oxu.az
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.