İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...

Atası Adəm (ə) yol gözləyirdi: oğlanlarının yolunu. Qabil tənha qayıtdı.
Adəm (ə) qəm-qüssə və nigaranlıq içində ondan soruşdu:
-Qabil, bəs qardaşın haradadır?
Qabil qəzəblə dedi:
-Məni göndərmişdin ki, qardaşımı qoruyum?
Adəm (ə) bir hadisə baş verdiyini duydu. Odur ki, Qabilə dedi:
-Onu harada buraxdın?
Qabil dedi:
-Orada, o təpələrdə.
Atası dedi:
-Məni ora apar!
Qabil həmin yeri göstərdi. Yola düşdü və atası da onun arxasınca getdi.
Uzaqdan qoyun və quzuların səsini eşitdilər. Adəm (ə) gördü ki, qoyunlar ətrafa səpələniblər.
Qışqırdı:
-Habil, hardasan? Habil!
Amma, heç kəs cavab vermirdi. Adəm (ə) ay işığında gördü ki, daşların üzərində nə isə parlayır. O, yerdə qəribə bir ətir duydu. Adəm (ə) hər şeyi anladı. Bildi ki, Qabil qardaşını öldürmüşdür. Qəzəblə qışqırdı:
-Lənət olsun sənə ey Qabil! Niyə qardaşını öldürdün? Allah səni yerdə qan töküb, pis işlərlə məşğul olmaq üçünmü yaratmışdır? Lənət olsun sənə!
Qabil qaçdı. Yerdə sərgərdan oldu. O, dəlilər kimi o tərəf bu tərəfə qaçırdı. Mağaralarda yatır, od və alovun qarşısında təzim edir və onlara səcdə edirdi. Amma, daha alovdan qorxmurdu. Onun həyatı bütünlüklə əzab-əziyyətə və peşimançılığı çevrildi.
Adəm (ə) qəmgin halda öz evinə qayıtdı və övladı Habilin ayrılığından ağlamağa başladı. Saleh və təqvalı Habil... Məzlum Habil...
Adəm (ə) qırx gün ağladı. Həvva da övladına görə ağladı. Allah Adəmə (ə) vəhy etdi ki, ona başqa bir övlad lütf edəcəkdir: Habil kimi saleh bir övlad.
Doqquz aydan sonra Həvva gözəl bir uşağa sahib oldu. Uşağın çöhrəsi ay kimi parlayırdı. Adəm (ə) sevindi və ürəyi sevinclə doldu. Çünki, Allah-təala Habilin əvəzinə onun üçün bir övlad mərhəmət etmişdi.
Yeddi gün keçdi və Adəm (ə) övladı üçün ad seçmək fikrinə düşdü. Yeddinci gün həyat yoldaşına dedi:
-Onun adını Şis qoyuram: Allahın hədiyyəsi. Çünki, Allah onu bizə hədiyyə vermişdir.
İllər ötdü. Şis böyüdü və Adəm (ə) qocalıb, yaşlaşdı. Həvva da yaşlı bir qadın olmuşdu. Adəm (ə) şad idi. Övladları böyümüş, nəvə və nəticəyə sahib olmuşdu. Onlar işləyib, çalışırdılar. Ev tikir, əkinçilik edir və Allaha ibadət edirdilər. Qabil də başqa bir yerdə yaşayırdı. O da övlad və nəvə sahibi olmuşdu.
Bir gün Adəm (ə) övladı Şisə (ə) dedi:
-Oğlum! Üzüm yemək istəyirəm.
Şis (ə) ayağa qalxıb, geniş üzüm bağlarına tərəf getdi. Bir neçə üzüm salxımı dərdi və atasının yanına qayıtdı. Amma, Adəm (ə) dünyadan köçmüş və həyatla vidalaşmışdı. Min il yerdə yaşadıqdan sonra o, yenidən cənnətə qayıtdı.
Bismillahir-Rəhmanir-Rəhim.
«Yadına sal o zamanı ki, Allahın mələklərə dedi:
-Mən yer üzündə nümayəndəmi yaradıram.
Mələklər dedilər:
-İlahi! Sən yerdə bir kəs yaradırsan ki, fəsad edib, qan tökəcəkdir. (Çünki, yerin Adəmdən (ə) qabaqkı mövcudları fəsad edib, qan tökməyə aludə olmuşlar. Əgər bu Adəmi (ə) yaratmaqda məqsədin ibadətdirsə,) Biz sənə təsbih, həmd və şükr edirik və səni əzəmətlə yad edirik.
Allah buyurdu:
-Mən sizin bilmədiyiniz bəzi həqiqətləri bilirəm.
Sonra yaranışın sirlərini və bütün mövcudatın adlarını Adəmə (ə) öyrətdi və sonra onları mələklərə təqdim edib, buyurdu:
-Əgər doğru deyirsinizsə bunların adlarını mənə deyin.
Mələklər dedilər:
-İlahi! Sən bütün eyiblərdən uzaqsan. Biz sənin öyrətdiklərindən başqa heç nə bilmirik. Sən elmli və hikmətlisən.
Buyurdu:
-Ey Adəm (ə)! Onları mövcudların adları və sirləri ilə tanış et!
Onlarla tanış etdikdə Allah-təala buyurdu:
-Sizə demədimmi ki, mən yerlərin və göylərin qeybi sirlərini bilirəm?! Sizin aşkar etdiyiniz və gizlətdiyiniz hər bir şeydən xəbərdaram.
Həmçinin yadına sal o zamanı ki, mələklərə dedik:
-Adəmə (ə) səcdə edin.
İblisdən başqa hamısı səcdə etdilər. İblis boyun qaçırıb, təkəbbür etdi. O, itaətsizliyi və təkəbbürlüyünə görə kafirlərdən oldu. Dedik:
-Ey Adəm (ə)! Sən və yoldaşın cənnətdə sakin olun və onun nemətlərindən istifadə edin. Amma, bu ağaca yaxınlaşmayın. Çünki, o zaman zalımlardan olarsınız.
Şeytan onların cənnətdən çıxmasına səbəb oldu və onları olduqları yerdən çıxartdı. O vaxt onlara dedik:
-Hamınız yerə enin, bir halda ki, bəziniz bəzinizlə düşmən olacaqsınız və sizin üçün yerdə müəyyən zamana qədər məskən və faydalanmaq vasitələri olacaqdır.
Sonra Adəm (ə) Rəbbindən bəzi kəlmələri qəbul və onlarla tövbə etdi. Allah Onun tövbəsini qəbul etdi. Çünki, Allah tövbə qəbul edən və mehribandır.
Dedik:
«Hamınız cənnətdən enin! Mənim tərəfimdən sizin üçün hidayət gəldikdə (itaət edin), ona itaət edənlər qorxmaz və qəmgin olmazlar».(Bəqərə surəsi, 30-38-ci аyələr.)
«Adəmin (ə) iki övladının əhvalatını düzgün olaraq onlara oxu! O zaman ki, Onlar Allaha yaxınlaşmaq üçün qurbanlıq verdilər. Amma, birindən qəbul olundu, o birisindən isə qəbul olunmadı. Qurbanı qəbul olmayan qardaş o birisinə dedi:
-And olsun Allaha, səni öldürəcəyəm.
O biri qardaş dedi:
-Mənim günahım nədir? Allah-təala yalnız imanlı şəxslərdən qəbul edir. Əgər sən məni öldürmək istəsən də, mən heç vaxt sənin qətlinə əl uzatmaram. Çünki, aləmlərin Rəbbindən qorxuram. İstəyirəm mənim və özünün günahınla bu əməldən əl çəkəsən ki, cəhənnəm əhlindən olarsan. Zalımların aqibəti budur.
Tüğyan edən nəfsi get-gedə onu, qardaşını öldürməyə təhrik etdi və nəhayət onu öldürüb, ziyankarlardan oldu. Sonra Allah bir qarğa göndərdi ki, yeri qazsın və ona göstərsin ki, öz qardaşının cəsədini necə dəfn etməlidir. O dedi:
«Vay olsun mənə! Mən bu qarğa kimi də olub qardaşımın cəsədini dəfn edə bilmədim». Nəhayət peşiman oldu» (Mаidə surəsi, 27-31-ci аyələr.)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.