İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?

Həzrət Əli (əleyhis-salam) bu məsələni dəfələrlə xatırladaraq buyururdu: Mən sizi Allaha görə istəyirəm. Siz isə məni öz dünyanıza görə istəyirsiniz. Mən sizi islah edən, inhiraflarınızı, əyriliklərinizi düzəldə bilən şeylərə (yollara) agaham. Amma siz məni fəsada çəkməklə islah olunmaq istəyirsiniz. Doğrudan da, mən sizi düz yola çəkə bilən şeyin nə olduğunu daha yaxşı bilirəm: o, qılıncdır. Mən də sizi islah edərək özümü fəsada çəkməyə razı deyiləm.
Həzrət başqa yerdə buyurur: And olsun çərdəyi yaran (cücərdən), insana can verən Kəsə, sizə vədə verilən şeyin vaxtı çataraq öz işinə məşğul oldu. Mən sizi Quran moizələri ilə nəsihət etdim, lakin siz mənim nəsihətlərimdən istifadə etmədiniz. Sizi əl ağacı ilə vurdum fayda vermədi; ilahi cəza qanunlarını icra edən qamçı ilə cəzalandırdım, amma tutduğunuz yoldan əl çəkmədiniz. Məlum oldu ki, sizi ədəbləndirə bilən yeganə şey qılıncdır, vəssalam! Mən sizin işlərinizi islah etmək üçün özümü fəsada atmağa razı olmadım.
Bəli, əvvəlcə Mövla Həzrət Əli (əleyhis-salam)-ın, sonra isə ümmətin ruhiyyə və məqsədlərindən agah olduqdan sonra baş verən tarixi hadisələr barəsində mühakimə yürütmək lazımdır. Həzrətin bu sözlərinə diqqət yetirin: Dünən hökmdar və əmr verən idim, bu gün isə əmr icra edən və itaət edənəm; dünən nəhy (qadağan) edən idim, bu gün isə məni nəhy edirlər. Mən sizi xoşlamadığınız şeyə vadar etmək istəmirəm.[2]
Bəli xalqın ruhiyəsi bu sayaq idi və Həzrətin ürəyini ağrıdırdı. Belə ki, dəfələrlə buyururdu: Sizin köməyinizə ehtiyac duymadığım, sözlərinizi təsdiq etmədiyim halda sübh etdim. Allah məni sizdən alıb sizdən yaxşılarını mənə nəsib, məndən pisini də sizə hakim etsin. Sizin imamınız bir şəxsdir ki, Allaha itaət edir. Siz isə gözlənildiyinin əksinə olaraq ona itaət etmirsiniz. Şamlıların rəhbəri (Müaviyə-müt.) Allahın əmrlərindən boyun qaçırdığı halda xalq ona itaət edir. Allaha and olsun, nə çox istərdim ki, Müaviyə öz tabeçilərini mənim tabeçilərimlə, dinarın (qızıl pul) dirhəmlə (gümüş pul) dəyişdirildiyi kimi dəyişdirsin. Yəni sizdən on nəfəri məndən alıb müqabilində bir nəfər verərdi.
And olsun Allaha, istərdim ki, sizi tanımayam, siz də məni tanımayasınız. Ona görə ki, bu cür tanışlıq peşmançılıq gətirər. Siz mənim qəlbimi dərd ilə doldurdunuz, işimi xarlığa (zəlilliyə) sürüklədiniz. İş o yerə çatdı ki, Qureyş tayfası: Əli qəhrəman bir kişidir. Lakin müharibədən başı çıxmır dedilər. Sizi an verirəm Allaha, görün heç bu iddia düzdür? Heç onların arasında bu qədər döyüş təcrübəsi olan və çətinlik çəkən bir kəs tapılarmı? Mən hələ iyirmi yaşıma çatmadığım vaxtlarda döyüş meydanına qədəm qoydum. İndi də, yaşım altmışı ötdüyü vaxt, əvvəldəki kimi döyüş əməliyyatını tam dəqiqliklə bilirəm. Lakin sözlərinə qulaq asan olmayan bir kəs kimə əmr versin?
And olsun Allaha çox istəyirəm ki, Allah məni sizin aranızdan aparıb behişt bağlarına, Öz razılıq məqamına çatdırsın. Həqiqətən ölüm addımbaaddım məni təqib edir. Hansı bir hadisə, bu ümmətin ən bədbəxtinin mənim saqqalımı başımın qanına boyamasının qarşısını ala bilər? Bu söz Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in verdiyi vədə idi ki, mənə öz aqibətimdən xəbər verdi.
Həzrət başqa bir yerdə öz zamanının camaatının ruhiyəsini Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dövrünün camaatının ruhiyyəsi ilə müqayisə edərək buyurur:
Biz Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə olanda, (möminlər) İslam dini naminə öz ataları, uşaqları və qardaşları ilə döyüşürdü. And olsun öz canıma, əgər bizim dinə kömək etməkdəki rəftarımız sizin rəftarınız kimi olsaydı, dinin bünövrəsi möhkəmlənməz, İslam ağacının şaxələri yaşıllaşmazdı.[3]
Həzrət Əli (əleyhis-salam)-ın hakimiyyətinin son günlərində olan bu bəyənatı onun ürək ağrısının nə qədər çox olduğunu göstərir.
[1]Əmirəl-möminin Əli (əleyhissalam)-ın başına nələr gəldi kitabına müraciət edin.
[2]Nəhcül-bəlağənin şərhi (Feyzül İslam), 199-cu xütbə.
[3]Əmirəl-möminin Əli (əleyhissalam)-ın başına nələr gəldi kitabına müraciət edin.
İmam Həsən (ə) və İmam Hüseyn (ə) kitabından
SEYYİD MƏHƏMMƏDHƏSƏN MUSƏVİ KAŞANİ
Mənbə :yenivaxt.com
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.