İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
Əslində imamət və rəhbərlik təkcə dini məsələ deyil və bütün yaradılış aləmində əhəmiyyət daşıyır. Allah-taala Özü varlıq aləminin əsl imamı və rəhbəridir, kainatı hidayət və idarə edən də Odur!
Qurani-kərimdə bu məsələyə xüsusi əhəmiyyət verilmiş və imamət insanın təkamül seyrinin son mərhələsi sayılmışdır. Yalnız "ulul-əzm” peyğəmbərlər ona çatmışlar.
Belə ki, "Bəqərə” surəsinin 124-cü ayəsində buyurulur:
"Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları tamamladı (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: "Səni insanlara imam təyin etdim!” İbrahim "nəslimdən necə” (onları da imam qərar verəcəksənmi) – soruşduqda Allah buyurdu: "Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Və bu məqama yalnız sənin pak və məsum övladların layiqdir!)”
Ayənin əvvəlində həzrət İbrahimin bir neçə kəlmə ilə imtahana çəkilməsindən söz açılmışdır. Təfsir alimləri arasında bu kəlmənin nədən ibarət olması barədə fikir ayrılığı vardır. "Ruhul-məani” kitabının müəllifi bu haqda on üç baxış qeyd etmişdir.("Ruhul-məani”, 1-ci cild, səh. 336.)
Nəzərə daha düzgün gələn baxış budur ki, "kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib, onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.
Bəzi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qurani-kərimin üç yerində – "Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), "Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.
Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: "Mən səni insanlara imam təyin etdim!”
Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?
Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan "imam” sözü haqda çox söz demişlər və bəziləri bu sözün məna incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.
Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi "kəlmələr”in Allah tərəfindən aldığı bir sıra təlimlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kəbə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bəziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində "Mən səni insanalara imam təyin etdim” cümləsi aydın şərh olunmur.
Ayədə qeyd olunan "imamət”in itaətin vacibliyi mənasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun üçün üstün məqam sayıla bilməz.
Bəziləri də başqa bir təfsirlə demişlər: "İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”
Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mənasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mənada ilahi proqramların həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.
İzah: Peyğəmbərlərin göndərilməsində əsas məqsəd bəşəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki mərhələdə həyata keçirilir:
1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin vəzifəsidir.
2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:
a) "Təşrii hidayət”; yəni dinin əsaslarını gerçəkləşdirmək, istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə, istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iş peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləşməsi üçün vasitə olsa da, onları həyata keçirmək asan deyil. Bu işin sahibi mütləq elm, təqva ("Təqva” sözü əsasən Allahın əzəmət və cəlalından qafil olmamaq, Onun hökmləri ilə müxalifət etməmək, inadkar və günahkarların qazandıqları ilahi əzabların çətin və ağır olmasından qorxmaq mənasındadır. Təqvanın müxtəlif dərəcəsi vardır:
1-Günah və haram işlərdən uzaq olmaqdan ibarət olan xalqın əmr olunmuş təqva həddidir;
2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə haram işlərdən deyil, həm də məkruh və bəyənilməz işlərdən də uzaq olmaq və pəhriz etməkdir;
3-Məxsusların məxsusunun nail olduqları təqva dərəcəsinə şamil olur. Bu seçilmiş şəxsiyyətlər hətta bəzi mübah və halal olan, lakin insanın özünü məşğul edib, onu Allahın yadı və zikrindən yayındıran əməllərdən çəkinib pəhriz edirlər. ("Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 98.) (Müt.)), şücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik olmalıdır.
b) "Təkvini hidayət”; yəni mənəvi təsirlə hidayət nurunu insanların qəlbinə şüalandırmaq. Bu mənəvi və daxili bir hərəkət, seyrdir. İlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici seyrlə inkişaf etdirirlər. Şübhəsiz, belə bir proqram icra etmək istəyən şəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.
Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, layiqli insanlar maddi və mənəvi, zahiri və batini təkamülə çatdırılır. Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət İbrahim (ə) xüsusi sifət və xislətlərə malik olmasaydı bu məqama çata bilməzdi!
Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir şəxs həm imamət, həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm peyğəmbərlərdən İbrahimi (ə) və İslam peyğəmbərini (s) misal göstərmək olar. Eləcə də, bir şəxs peyğəmbər olmadığı halda, imamət məqamına nail ola bilər. "Rəsul” və "nəbi”dən fərqli, vəhy almayan məsum imamları misal çəkmək olar.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.