Bakı metrosundakı yanğından 26 il ötür...
Bu gün Bakı Metropoliteninin "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş vermiş qəzadan 26 il ötür.
İnterAz xəbər verir ki, 1995-ci ilin oktyabrın 28-də baş vermiş qəzada 300-ə yaxın adam ölmüş, 400 nəfər isə yaralanmışdı.
"Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmiş; qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunmuşdur. Bu qəza "Ginnesin rekordlar kitabı" redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və "birincilik" Azərbaycana keçdi. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşmüşdür. Baş nazirin müavini Abbas Abbasov o zaman mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirib: "Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur."
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.