Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? - ARAŞDIRMA + FOTO

Bəs dəfn pulunu almaqda insanlar üçün problem yaradan səbəblər nədir?
“Atamın ölüm kağızını almaq üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Ailə həkimi dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda müalicə olunub və orda qeydiyyatda olub. Ancaq dedilər ki, məhkəməyə müraciət etməlisiniz. İndi mən atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, Təcili Tibbi Yardım xidməti də faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsa niyə məhkəməyə üz tutmalıyam?”, deyə iqtisadçı Samir Əliyev sosial şəbəkədə yazıb.

“Bacımın həyat yoldaşı xəstə idi. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yaşayırlar. Ötən ilin aprelində bacımın həyat yoldaşının halı pisləşəndə ailə üzvləri təcili tibbi yardım çağırıblar. Təcili Tibbi Yardım xidmətinin həkimləri gəlib, müayinə ediblər, ölüm faktını qeydə alıblar. Amma “ölüm kağızı” deyilən sənədi verməyiblər. Deyiblər ki, Sahil qəsəbəsində yerləşən xəstəxanadan alın. Orada isə deyiblər ki, məhkəməyə müraciət edin. Dövlətin verdiyi dəfn pulunu ailə min bir zülmlə ala bildi”.

Ötən ilin sentyabr ayında vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin alınması qaydasının elektronlaşdırılması xəbərini oxuduq. Elektronlaşırsa, deməli, asanlaşır. Bəs bu gün niyə bu problem yaşanır?

“Daha çox mübahisəli məqam Təcili Tibbi Yardımdan sənəd alınmadığı halda olur. Tutaq ki, ölüm hadisəsi baş verir, Təcili Tibbi Yardım çağırıblar. Təcili Tibbi Yardım həmin şəxsə arayış verir ki, bu adam artıq ölüm anına çatıb. Ancaq Təcili Tibbi Yardım bunu o halda verir ki, həmin şəxslər ondan nə isə sənəd istəyirlər. Təbii ki, ölüm hadisəsi baş verən anda adamların sənəd heç yadlarına da düşmür. Üstündən müəyyən vaxt keçəndən sonra sənəd üçün müraciət edirlər, bu zaman Təcili Tibbi Yardım o faktı ortaya qoyub şəxsə arayış verə bilmir. Buna görə artıq iş məhkəməyə keçir. Dövlət Təcili Tibbi Yardım qarşısında bu kimi hallarda mütləq sənəd verilməsi ilə bağlı tələb qoysa, problem xeyli azalacaq”.

“Ucqar kənddə biri evdə vəfat edibsə, ölüm faktı səhiyyə orqanlarının, həkimlərin nəzarətindən kənarda baş veribsə, orada həkim ölüm faktını görməyibsə, ona həkim arayış verməməkdə haqlıdır. Bu halda da məhkəmə formasında həll edilir. Ancaq şəhərdə hər tərəfin tibb müəssisəsi olduğu yerdə bu problemin daha asan həll yolu ola bilər. Səhiyyədə qarşılıqlı əlaqə olarsa, bu məsələ daha asan həll olar. Vətəndaşlar məhkəməyə düşməzlər”.

“Dünyadan köçən hər bir insanın ölüm səbəbi ilə bağlı həkimin rəyi - ölüm haqqında tibbi arayış mütləq olmalıdır. Bununla bağlı məlumatlı olmaq və o rəyi vaxtında almaq lazımdır. Bizdə çox vaxt belə olur ki, əksəriyyət yas mərasimini yola verdikdən xeyli sonra bu barədə düşünür. Tutaq ki, uzun sürən xəstəlikdən sonra evdə vəfat edib. Yaxınlıqdakı poliklinikada qeydiyyatı yoxdur, həkimlər onunla bağlı məlumatlı deyillər. Belə hallarda hansısa sənəd vermək poliklinika üçün də çətin olur. Görmədikləri adama necə sənəd versinlər? Məhkəmə araşdırma aparır, həkim rəyi yazılır və ondan sonra ölüm haqqında şəhadətnamə üçün müraciət edilir”.


Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq etməlidir.
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Qeyd edildi ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
Belə qənaətə gəlirik ki, burda fərq yaradan məsələlər var. Yəni ölüm hadisəsinə, baş verdiyi yerə bağlı olaraq sənəd üçün üz tutacağımız ünvan da fərqli ola bilir. Vətəndaşların üzləşdikləri problemlərin bir çoxu həm də ondan yaranır ki, yaşadığımız və qeydiyyatda olduğumuz yer fərqlidir. Tələb olunan odur ki, biz yaşadığımız ərazidəki poliklinikada qeydiyyat kartımızı yaratmalıyıq. Əgər yaratmırıqsa, qeydiyyatda olduğumuz ərazidəki tibb müəssisəsi bizə sənəd verə bilmir.

Mənbə : Kaspi
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.