Cərimələrin artması Bakını Sinqapura çevirəcək, yoxsa... - ŞƏRH
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər nəzərdə tutulur. Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcəklər. Eyni əməl bir il ərzində təkrar törədildikdə, fiziki şəxslər min manat, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.HESENESKERİ.AZ xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də cərimənin məbləği artırılır - 50 manatdan 300 manata qaldırılır. Eyni hərəkət bir il ərzində təkrar törədildikdə 700 manat cərimələnəcəksiniz. Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə də 200 manatdan 4 000 manatadək cərimə tətbiq olunacaq.
Bəs cərimələrin artırılması bu sahədə nizamın yaradılması üçün kifayətdirmi?
"Cərimələrin belə sürətlə qaldırılması olmayıb"
Sabiq millət vəkili Rüfət Quliyevin sözlərinə görə, bu kimi ictimai hərəkətlərə görə yüksəkməbləğli cərimələr bütün dünyada tətbiq edilir:
"Bu vaxta qədər cərimələrin belə sürətlə qaldırılması olmayıb. Amma bu, praktiki olaraq bir çox ölkələrdə mövcuddur. Hətta qanunla qoyulan qaydaları yerinə yetirmədikdə daha yüksək formada cərimələr də tətbiq oluna bilir. Bunu ilk tətbiq edən ölkə biz deyilik. Məsələn, Sinqapurda saqqızı yerə atmağa görə 250 Sinqapur dolları (325 manat) cərimə tətbiq edilir. Hər bir ölkədə bu və ya digər formada qadağalar mövcuddur".
R.Quliyev düşünür ki, yeni qərar ətraf mühitin təmizliyində əhəmiyyətli rol oynayacaq:"Cərimələr çox şiddətli şəkildə qaldırılsa da, başqa yolumuz yoxdur. Çünki şəhərin təmizliyi, ekologiyası çox vacibdir. Ölkəmizdə zibil qabından kənara zibil atan insanlara qarşı müxtəlif nalayiq ifadələr yazılırdı. Bu, ictimai qınaqdır. Amma dövlət tərəfindən də addımlar atılmalı idi. Hazırda bu, reallaşır. Nəzarət çox vacibdir. Zibil qabları artıq müasirdir. Bir çoxunda şüşə, plastik və sair ayrılıb. İnfrastruktur qurulub. Onu daha da təkmilləşdirmək olar. Amma buna tam nəzarət mümkün deyil. Hər poliqonun qarşısına kamera qoymaq çətindir. Hər bir halda düşünürəm ki, bu qərar insanları ətrafı çirkləndirməkdən yayındıracaq".
"Bu, vətəndaşın məsuliyyətində deyil"
Onun fikrincə, qurumların üzərinə də burada ciddi iş düşür:
"Onlar zibilləri vaxtında yığışdırmalıdırlar. Əgər zibil qabları dolu olarsa, bu zaman insanlar məcburən zibili yerə atmalıdırlar. Yaxud məişət tullantısı dolu konteynerdən yerə düşərsə, bu, vətəndaşın məsuliyyətində deyil. Burada insanların da üzərinə iş düşür. Onlar da gördükdə ki, zibillər daşınmır, antisanitar vəziyyətdir, bu zaman şəkillərini çəkib icra hakimiyyəti orqanlarına müraciət etsinlər. Onlar da həmin əraziləri təmizləməlidirlər".
"İnsanlara aşılamaq lazımdır ki, görülməyən yerlərdə də bunu etməsinlər"
Ekoloq Qorxmaz İbrahimli düşünür ki, cərimələrdənsə, bu qaydalar insanlara aşılanmalı və təbliğ olunmalıdır:
"Cərimələrin bu qədər yüksəldilməsini doğru hesab etmirəm. Çünki ola bilər ki, vətəndaş bilmədən bunu etsin. Bunu cərimədənsə, təbliğatla həyata keçirsək, daha yaxşı olar. Qaydalar uşaqlara bağçadan başlayaraq, daha sonra məktəbdə öyrədilməlidir. Davranış qaydaları hər bir vətəndaş üçün önəmlidir. Uşaqlar da valideynlərində o hərəkəti görsələr, onları tənbeh edəcəklər. İnsanlar da belə hərəkət edənləri görəndə tənbeh etməlidirlər. İctimai qınaq olmalıdır. Ola bilər ki, insan bu qaydaları bilmir. Polislərin yaxınlaşıb xəbərdarlıq etməsi, tənbeh etməsi daha doğru olar. Çünki bu hərəkətlər yalnız görüldükdə cərimələnəcək. Amma insanlara aşılamaq lazımdır ki, görülməyən yerlərdə də bunu etməsinlər. Bu mədəniyyəti formalaşdırmalıyıq".
Əks-effekt verə bilərSosioloq Mail Yaqubun fikrincə isə, cərimələr vacibdir. Lakin birdən-birə bu qədər yüksəldilməsi əks-effektə səbəb olar:
"Cərimələrin artırılması ictimai qaydaların tənzimlənməsinə böyük töhfə verir. Bu, bütün dünyada belədir. Lakin cərimələrin məbləği əhalinin sosial vəziyyətinə uyğun tənzimlənməlidir. Əhalinin minimum əməkhaqqısı nə qədərdirsə, cərimələr də ona uyğun olmalıdır. Əks təqdirdə ciddi narazılıqlara səbəb olar".
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.