Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən xarici passportunuz itərsə, necə hərəkət etməlisiniz?
Sual: Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən xarici passportunuz itərsə, necə hərəkət etməlisiniz?
Cavab: Qısaca olaraq bildiririk ki, ilk növbədə xarici passportunuzu itirdiyiniz ölkənin polis orqanına müraciət edin. Polisdə sizə bu barədə arayış, protokol və yaxud digər sənəd verməlidirlər. Bəzi hallarda sizdən sizin şəxsiyyəti təsdiq edən digər adamın (sizi tanıyan) təsdiqi tələb oluna bilər. Həmin şəxs təsdiq etməlidir ki, siz məhz polis orqanına müraciət edən zaman ərizədə göstərdiyiniz həmin adamsınız. Bundan sonra siz səfirliyə yaxud konsulluğa müraciət etməlisiniz. Burada siz polisdən alınan sənədi və aşağıda göstərilən qanunlarda qeyd edilmiş digər sənədləri (fotoşəkil və s.) təqdim etməlisiz. Siz ölkəyə qayıtmaq üçün ərizə yazıb qayıdış üçün şəhadətnamə almalısınız. Burada siz rüsum ödəyəcəksiniz. Şəhadətnaməni sizə maksimum 3 gün ərzində verməlidirlər. Şəhadətnaməni alan kimi dərhal ölkəyə qayıdın, çünki şəhadətnamə müvəqqətidir. Ölkəyə qayıdıb, şəhadətnaməni ASAN xidmətə və ya müvafiq polis idarəsinin passport-qeydiyyat şöbəsinə təqdim etməklə və cərimə döməklə yeni pasport ala bilərsiniz.
Aşağıdakı qanunvericilik normaları sizdə daha ətraflı anlayış formalaşdıracaqdır:
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”nun 3-cü maddəsinə əsasən: hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşına (Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə) və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs tərəfindən müvafiq zəruri sənədlər təqdim edildikdən və müvafiq ərizə-anket qeydiyyata alındığı vaxtdan sonra, şəhadətnamə ən geci 3 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə) müddəti müəyyən edilməlidir. Əgər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə olunmazsa o, qüvvədən düşür.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
Azərbaycan Respublikasının vətəndaşları üçün:
1. 1 ədəd ərizə anket;
2. 2 ədəd rəngli foto-şəkil (3×4 sm ölçüdə);
3. dövlət rüsumunun ödənilməsi haqqında qəbz; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3.-cı maddəsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün dövlət rüsumu 40 (qırx) ABŞ dollarıdır. Həmin Qanunun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriya Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur:
– Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar,
– pedaqoji fəaliyyət göstərən vətəndaşlar,
- xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar;
– xarici ölkələrdən deportasiya edilən vətəndaşlar.
4. Pasportu itdikdə və ya oğurlandıqda:
- Üzərində fotoşəkil olan, şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən birinin surəti:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,
- Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet
- Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
- Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd (Üzərində fotoşəkil olmadığı üçün Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi yeganə sənəd olaraq təqdim oluna bilməz).
- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
- Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə görə inzibati cərimənin ödənilməsi haqqında qəbz.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat miqdarında cərimə edilirlər. Bu aşağıdakı qaydada və aşağıda göstərilən qurumlar tərəfindən həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanları (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);
- Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ümumvətəndaş pasportunu itirən və ya qəsdən korlayan şəxslər inzibati cərimə edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.
Bundan başqa, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.