Yol polisi mənim qayda pozuntumu sübut etməmiş cərimə yazarsa, nə kimi tədbir görməliyəm?
Sual: Yol polisi mənim qayda pozuntumu sübut etməmiş cərimə yazarsa, nə kimi tədbir görməliyəm?Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
AR İXM-nin 8-ci maddəsinə əsasən, 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.
İnzibati məsuliyyətə cəlb edilən şəxsə, AR İXM-nin 371.1-ci maddəsinin tələblərində nəzərdə tutulmuş hüquq və vəzifələr elan olunmalıdır.
AR İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Inzibati məsuliyyətə cəlb edilən şəxs iş üzrə qeyd və vəsatətlərini protokola qeyd etmək hüququna malikdir.
Əgər siz protokola öz qeydlərinizi daxil edilbsinizsə, yaxud protokolla razılaşmayıbsınızsa, o zaman protokola yol polisi idarəsində baxılıb qərar qəbul edilir.
Həmin Məcəllənin 423-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxsə elan olunur, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.
İnzibati Xətalar Məcəlləsinin 436-cı maddəsinə əsasən bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulduğu hallarda inzibati xəta üzrə qərar ləğv edilir.
430.2.3-cü və 431.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında tərtib edilmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ var.
Siz qeydiyyatda olduğunuz ünvan üzrə rayon Məhkəməsinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.