“Payızda gündəlik yoluxma sayında iki-üç dəfə artım ola bilər” - Qapanma labüddür? - FOTO

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Klüge payızda virusa yoluxanların sayında artım olacağı ilə bağlı proqnoz verib. Vaksinasiya prosesinin davam etməsinə baxmayaraq, milyonlarla insanın peyvənd olunmamış qaldığını vurğulayıb. Və vaksinasiya ilə bağlı çağırışlar edib.
Ölkəmizdə və dünyada koronavirusa yoluxanların sayında müşahidə olunan artım insanlarda narahatlıq yaradır. Payız fəslində sərt karantinə keçid olacağından ehtiyat edənlər də az deyil. İnsanlar əvvəlki kimi yoluxmanın pik həddə çatmasından çəkinir, sərt karantin rejiminə geri dönmək istəmirlər.
Bəs görəsən, yoluxma sayının artması bizi sərt karantin rejiminə geri qaytara bilərmi?
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı payızda virusa yoluxanların artacağı ilə bağlı proqnozu təsdiqləyib:

M.İbrahimqızı qeyd edib ki, sərt karantin rejiminə geri dönməyəcəyik:
“İnsanın özünü qoruması səhiyyə mədəniyyətidir. O, hər şeydən özünü qorumalıdır. İnsanın sağlamlığı əvəzsizdir, qiyməti yoxdur. Dünyada bir çox başqa xəstəliklər də yayılıb. Payızda risk olmasın deyə önləyici tədbirlər görülməlidir. İzdihamlı yerlərdən maksimum dərəcədə çəkinməliyik. Qapalı yerlərdə qoruyucu maskalardan istifadə etsək, daha yaxşı olar. Ən yaxşısı, peyvəndin vurulmasıdır. Pandemiya iqtisadiyyata güclü zərbə vurub. Böhran baş alıb gedir. Ölkələrdə vaksinasiya prosesi 50 faizdən çoxdur. İnsanlarda artıq təbii immunitet yaranıb”.
İnfeksionist Vüqar Cavadzadə isə əlavə edib ki, virusa yoluxanların sayında artım müşahidə olunur:

V.Cavadzadə mutasiyaya uğramış ştammların yoluxuculuq qabiliyyətinin yüksək olduğunu söyləyib:
“Koronavirus infeksiyası getdikcə mutasiyaya uğradığına görə, yoluxuculuq sürəti artsa da, xəstələrdə xəstəliyin gedişi yüngül olur. Ölüm halları az müşahidə edilir. Statistikaya baxsaq, görərik ki, gün ərzində 500 yoluxma faktı qeydə alınsa da, ölüm göstəricisi 0-dır. Payızda da ölüm hallarında artım müşahidə edilməyəcək.
Mutasiya olunmuş ştammların yoluxuculuq qabiliyyəti yüksəkdir, onlardan ölüm sayı isə azdır. Ölüm hallarında artım olmayacaq. Vaksinasiya zəruridir. Kim olunmayıbsa, olunmalıdır. Tədbirlərə riayət etməlidirlər. Qapalı yerlərdə maska taxmaq lazımdır. İnsanlar özlərini qorusalar, belə davam etsə, qarşısı alınacaq”.
Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb. Dünyasını dəyişən olmayıb.
Nəzrin Vahid
Mənbə : Oxu.Az
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.