Ramazan ayının 14-ü (5 Aprel) Muxtar Səqəfinin şəhid olduğu gündür.
Muxtar əs-Səqəfinin qiyamı 685-687 (hicri 65-67)
Muxtar ikinci xəlifə Ömər ibn Xəttabın xilafəti dövründə 634-cü ildə baş verən Körpü döyüşündə öldürülən Əbu Ubeydəs-Səqəfinin oğludur. Kərbəla faciəsindən qabaq o, Ubeydullah ibn Ziyad tərəfindən zindana salınmışdı. İmam Hüseyn (ə) şəhid olduqdan sonra Muxtar zindandan xilas olmaq üçün bacısı Səfiyyənin əri Abdullah ibn Ömərin yanına adam göndərdi. Abdullah ibn Ömər Yezidə məktub yazaraq vasitəçilik etdi. Yezid onun azad edilməsi əmrini Kufədə üç gündən artıq qalmamaq şərti ilə Ubeydullah ibn Ziyada verdi. Muxtar əvvəlcə Hicaza gedib Abdullah ibn Zübeyrə sığındı. Lakin Abdullahdan istədiyi münasibəti görməyincə yenidən Kufəyə qayıdıb təvvabindən
sağ qalanları ətrafına toplayaraq qiyama başladı. Muxtar özünü Hz.Əlinin (ə) oğlu Məhəmməd Hənəfiyyənin naibi olduğunu bildirərək and içdi ki, Hz.Hüseynin (ə) intiqamını almayınca qılıncı qınına qoymayacaq. Bunu görən digər müsəlmanlar da onun ətrafına toplandı. Muxtarın dostlarının əsasını İranlılar təşkil edirdi. Bundan istifadə edən Muxtar 685-ci ildə Kufəyə hücum edib şəhərin valisi Abdullah ibn Mutini qaçmağa məcbur etdi. Kufənin hakimiyyətini bütünlüklə ələ keçirən Muxtar rəsmən öz hökumətini elan etdi. O, hər şeydən əvvəl əsgərlərini ruhlandırmaq üçün onlara hədiyyə payladı. Eyni zamanda Malik Əştərin oğlu İbrahim və qəbiləsinin Muxtara qoşulması ilə onun ordusu daha da gücləndi.
Bu vaxt Ubeydullah ibn Ziyadın başı Züfər ibn Harislə döyüşlərə qarışmışdı. Lakin Züfərə bir şey edə bilməyən Ubeydullah Mosula doğru hərəkət etdi. Həmin vaxt Muxtar Mosula vali olaraq Əbdürrəhman ibn Səidi təyin etmişdi. Ubeydullah ibn Ziyadın Mosula doğru hərəkət etdiyini öyrənən Muxtar
Yezid ibn Ənəsi üç min nəfərlik ordu ilə Mosula göndərdi. Lakin döyüş meydanında Yezid ibn Ənəsin xəstələnərək ölməsilə əlaqədar qoşun geri çəkilməyə başladı. Bundan xəbər tutan Muxtar dərhal İbrahim ibn Əştəri yeddi min nəfərlik qoşunla Ubeydullahın üzərinə göndərdi. Bu arada Muxtar Kufə ətrafında baş verən döyüşdə Kərbəla faciəsində ordu başçısı olan Ömər ibn Sədi, İmam Hüseynin (ə) başını kəsən Şimr ibn Zilcövşəni və İmamın (ə) kəsik başını nizədə əvvəlcə Kufəyə Ubeydullah ibn Ziyadın hüzuruna, oradan da Şama Yezidin hüzuruna aparan Xavlə ibn Yezidi öldürmüşdür. 686-cı ildə İbrahim Əştərin başçılığı altında olan ordu ilə Ubeydullah ibn Ziyad arasında baş verən döyüşdə Şam ordusu məğlub edildi və Ubeydullah ibn Ziyad ilə Yezidin xilafəti dövründə Məkkəni dağıdan Husayn ibn Numeyr öldürüldü.
Beləliklə Muxtar əs-Səqəfi və İbrahim ibn Malik Əştər İmam Hüseynin (ə) qatillərindən intiqam almış oldular. Lakin İraq bölgəsinin Muxtarın nəzarəti altında olması ilə razılaşmayan Abdullah ibn Zübeyr bu bölgəni ələ keçirmək üçün qardaşı Musab ibn Zübeyri Bəsrəyə vali təyin etdi. Musab Bəsrədə vali olduğu müddətdə Muxtarın tərəfində olan Kufə liderlərinin əksəriyyəti ondan ayrılaraq Musaba sığındı. Bundan istifadə edən Musab Xorasan valisi Muhəlləb ibn Əbu Sufra əl-Əzdinin köməyi ilə Kufəyə hücum edərək 687-ci ildə (hicri 67) Muxtarın ordusunu məğlub edərək onu öldürdü. Bu vaxt Muxtarın 63 yaşı var idi. Muxtarın ölümündən sonra İraq bütünlüklə Abdullah ibn Zübeyrə tabe edildi. Lakin Muxtarın ölümü ilə Əbdülməlik ibn Mərvan mənəvi zəfər qazanmış oldu. Suriya bölgəsində bütün rəqiblərini məğlub edən Əbdülməlik Musab ibn Zübeyrin üzərinə hərəkət etdi. 690-cı ildə (hicri 71) Dəclə çayı sahilində Deyri-Casəlik adlı məntəqədə baş verən döyüşdə Musabın ordusu məğlub edildi, özü isə öldürüldü. Musabın ölümündən sonra İraqı özünə tabe edən Əbdülməlik Abdullah ibn Zübeyri məğlub etmək üçün Həccac ibn Yusif əs-Səqəfini Məkkəyə göndərdi.
İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (ə)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”
Əllamə Məclisi, “Biharul Ənvar", 45-ci cild, səh. 386
Kəşşi, “Rical”, səh. 12
səhihXoi, “Möcəmur Rical”, 18-ci cild, səh. 94
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.