İmam Hüseyn (ə) qəbrinin ilk ziyarətçisi kimdir?
Cabir ibn Abdullah Ənsari Peyğəmbərin (s) yaxın səhabələrindən biri idi. O, 607-ci ildə Mədinə şəhərində dünyaya gəlib və 90 il ömür sürüb. Cabirin atası Abdullah da Həzrəti Rəsulallahın (s) yaxınlarından olub və Uhud döyüşündə şəhid edilib. Cabir Ənsari Bədr döyüşündə Məhəmməd Peyğəmbərlə (s) birgə düşmənlərə qarşı savaşıb. Peyğəmbərdən sonra Cabir Siffeyn döyüşündə İmam Əlinin (ə.s) yanında olub.
Tarixə əsasən, Cabir ibn Abdullah ilk Ərbəin zəvvarı və İmam Hüseynin (ə.s) məzarının ilk ziyarətçisidir. Mənbələrdə Cabirin tələbəsi Ətiyyə Ovfi ilə birlikdə Mədinədən Kərbəlaya hərəkət etməsi qeyd olunub. Sonralar onun bu yürüşünü İmamlar (ə.s) təsdiqləyib və gələcək nəslə təbliğ edib.
Cabir ibn Abdullah yaşlı və kor olması səbəbindən Kərbəla döyüşündə İmamın yanında ola bilməyib. Onun görmə qüsurlu olması tarixdə də öz əksini tapır. Belə ki, o, İmam Hüseynin (ə.s) məzarı kənarına çatdıqda tələbəsinə deyir: “Ey Ətiyyə, əlimi qəbrin üstünə qoy”.
Onun yaşlı olması və gözlərinin görməməsinə rəğmən, Mədinədən Kərbəlaya piyada getməsi onun Əhli Beytə (ə.s) olan məhəbbətinin göstəricisidir. O həm də bu əməli ilə İmam qatili olan Yezidə öz etirazını bildirib. Ravi deyir: “O, (Cabir) mənə dedi ki, onun əllərini qəbrə çatdırım. Mən onun əllərini qəbrə vurdum. O ağlayıb huşunu itirdi və qəbrin üstünə düşüb qaldı. Sonra onun üzünə su vurdum. O ayılıb üç dəfə “Ya Hüseyn” deyə nalə etdi və dedi: “Bu necə dostluqdur ki, öz dostuna cavab vermir. Ey Allah Rəsulunun (s) övladı, möminlərin əmirinin oğlu, müttəqilərin əmirinin oğlu, ey hidayət edənin oğlu, ey Kisa əhlinin beşincisi, ey dünya xanımlarının xanımı Zəhranın (s.ə) oğlu!”.
O gündən bu günədək Cabir Ənsarinin yürüşü müsəlmanlar tərəfindən təkrarlanır və təbliğ olunur. Həzrəti Məhəmməd (s) buyurub: “Gözəl bir sünnə və adəti qoyub gedən şəxslə həmin sünnə və adətə əməl edən şəxsin savabı azacıq belə azalmadan savabına şərikdir” (Üsuli-kafi, Kuleyni, 5-ci cild, səh.9). Bundan əlavə, İmam məzarlarının ziyarətini şirk sayanlar Cabir ibn Abdullahın Peyğəmbər (s) səhabəsi olmasını unutmamalıdırlar.
Mənbələr:
1. “Tarixi mədineyi-Dəmşq”, İbn Əsakir, 11-ci cild, səh.214.
2. “Bəşarətul-Mustəfa”, İmadəddin Təbəri, səh.74-75.
3. “Əl-misbah”, səh.489; “Misbahul-mütəhəccid”, 2-ci cild, səh.878; “Biharul-ənvar”, 98-ci cild, səh.334.
4. “Əl-imamətu vəs-siyasə”, İbn Qüteybə Dinəvər, 1-ci cild, səh.214.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.