Kartdan xəbərsiz pul çıxırsa, diqqət! — Ekspertdən xəbərdarlıq
Kart sahibləri arasında son dövrlərdə bank hesablarından izahsız çıxışlar və ödəniş problemləri barədə narahatlıqlar artır. Belə hallarda ilk növbədə ödənişin təyinatına diqqət yetirmək vacibdir. Məsələn, ilin sonunda BakuBus və Bakı Metropolitenində istifadə olunmuş, lakin hesabdan çıxılmayan məbləğlərin bir çox abonentin hesabından çıxıldığı, ödənişin isə təyinatının qeyd olunduğu bildirilib.Mövzu ilə bağlı açıqlama verən bank məsələləri üzrə ekspert Emin Kərimov bildirib ki, ödənişlərin niyə və hansı məbləğdə silindiyinə diqqət yetirmək, bu məlumatları yoxlamaq vacibdir:
“Adətən belə hallarda banka müraciət edərək izahat tələb etmək lazımdır. Eyni zamanda, ödənişi həyata keçirən qurumun və ya şirkətin ünvanını dəqiqləşdirmək vacibdir. Əgər abunə olduğunuz saytlar, oyun, xəbər və ya alış-veriş platformaları qeydiyyatdan keçibsə və qanuni ödənişlər tutulursa, bunun izahı var. Amma kartdan xırda, ünvansız və təyinatsız məbləğlər çıxırsa, banka müraciət edib araşdırma tələb etmək lazımdır. Əgər bu hal davamlı baş verirsə, kartı bloklamaq məsləhətdir. Belə izahsız çıxışlar kartınıza hücum edildiyini, məlumatlarınızın oğurlandığını və məbləğlərin az-az alınmasını göstərir”.
Ekspert əlavə edib ki, qanuni ödənişlərdə həmişə təyinat göstərilir və ödənişin hara yönəldiyi görünür.
“Əgər təyinat yoxdur və hara silindiyi məlum deyilsə, bu artıq xaker hücumudur. Bank hər ödənişi silərkən onun təyinatını göstərir və bu xidmət pulsuzdur. Təyinat görünmürsə, deməli məlumat oğurluğu baş verir. Belə halda banka məlumat vermək və kartı dərhal bloklamaq vacibdir”, — deyə Emin Kərimov bildirib.
Qeyd edək ki, kart sahibləri ödənişlərin təyinatına diqqət yetirməli və şübhəli hallarda dərhal bankla əlaqə saxlamalıdırlar.
Demokrat.az
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.


















































