Üç uşaqlı valideyinlər beş il tez pensiyaya çıxacaq? - AÇIQLAMA

"Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir. Növbəti illərdə pensiyaya güzəştli şərtlərlə çıxanların dairəsinin genişləndirilməsi istiqamətində hansı addımların nəzərdə tutulduğunun açıqlanmasını istərdim", - bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Azərbaycanda 5 il tez pensiyaya çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".
Bəs görəsən üç uşaqlı valideyinlərin beş il tez pensiyaya çıxması ailələrin maddi rifahı üçün yaxşı ola bilər?
Bu barədə sosioloq Mətanət Məmmədova Sonxeber.az -a açıqlama verib:
"Əlbəttə, çox ədalətli bir addım ola bilər ki, dövlət anaların pensiyaya çıxmaq güzəştini 3 uşaqdan başlayaraq həyata keçirsin. Hörmətli millət vəkilinin təklifi çox məntiqlidir. Ona görə ki, hazırda ölkədə ailələrin əksəriyyəti 1 və ya 2 uşaqla kifayətlənir. Çox az sayda ailələr var ki, onlarda 3-5 arası uşaq var. 5 və daha artıq uşaqlı ailəyə isə nadir halda rast gəlmək mümkündür.
5 və ya artıq uşağa güzəştli pensiya o zaman tətbiq oluna bilərdi ki, bu göstərici ölkədə daha artıq olsun. Hazırda 1 və 2 uşaq göstəricisi daha artıq olduğu üçün təbii ki, qanunda da dəyişiklik edilməsi günün tələbidir. Bu, təbii ki, güzəşt əldə edən insanların sosial rifahına təsir etməklə bərabər, həm də ailələrdə uşaq sayının artmasına səbəb ola bilər. Qadınlar düşünür ki, uşaq pulu verilmir, güzəştli pensiyaya yalnız 5 və ya daha artıq uşağı olan analar çıxır, belə olan halda elə 2 uşaq kifayətdir. Lakin güzəşt 3 uşaqdan başlanarsa, qarşıdakı illərdə 3-cü uşaq doğumu statistikasında artımı görmək sözsüzdür. Eyni zamanda, bu dəyişiklik çoxsaylı qadının əməyinin yüngülləşməsinə, işləmək üçün ayırdığı saatı ailəsinə sərf etməsinə şərait yarada bilər. Düşünəndə ki, ana 3 və daha artıq uşağın qayğısı, tərbiyəsi ilə uzun illər məşğul olub, əziyyət çəkib, bəli, bu, anaların ən təbii haqqıdır.
Ümumiyyətlə götürdükdə isə pensiya haqqında qanunda əməlli-başlı dəyişikliyə ehtiyac var. Hazırda həm kişi, həm də qadınlar 65 yaşda pensiyaya çıxırlar. Lakin orta ömür uzunluğu imkan vermir ki, xüsusilə kişilər pensiya hüququndan istifadə edə bilsin. Ölkəmizdə çoxsaylı kişi 60-65 yaşında vəfat edir. Bu isə pensiya haqqında qanunda yaş həddinin aşağı endirilməsini tələb edir.
Qadınların 65 yaşda pensiyaya çıxması isə onlara qadın kimi hörmət göstərilməməsi deməkdir. Qonşu ölkələrdən Türkiyəni, İranı, Rusiyanı, Gürcüstanı götürsək, müqayisə etsək, görərik ki, bu ölkələrdə qadınlar 55-58 yaşlarında pensiyaya çıxırlar. Məntiqlə düşünəndə kişi ilə qadının fərqi olmalıdır axı. Buradan belə bir nəticəyə gələ bilirik ki, ölkədə ümumilikdə pensiya haqqında qanuna yenidən baxılmalıdır. Çünki bu günün tələbi dünənkindən xeyli fərqlidir"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

















































