İraq və Suriyadan Azərbaycana gətirilən şəxslərin vəziyyəti AÇIQLANDI
“İraq və Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunan vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar. Ümumilikdə 2018-ci ildən bu günə qədər müvafiq dövlət qurumları tərəfindən 358 Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib”.Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə analardır:
“2021-ci ildə isə ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib. Agentliyinin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir”.
“Qeyd edim ki, repatriant uşaqların və qəyyum ailələrin sosial problemlərinin aradan qaldırılması məqsədi ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin təşəbbüsü ilə Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq İdarələri və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları, həmçinin bu ailələrə sosial dəstək göstərilməsi üçün 3 sosial işçidən ibarət səyyar qruplar yaradılıb və onlar tərəfindən Bakı və qəsəbələrində, Sumqayıt və Abşeronda yaşayan 87 repatriant uşaqların ailələrindən 79-na səfərlər təşkil edilib. Bu səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi üçün tədbirlər davam etdirilir”, - deyə o qeyd edib.
İlhamə Əbülfət
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.